Tarixdəki olaylar
22 yanvar 1990 – Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublikanın partiya-hökumət rəhbərliyinin (Azərbaycan KP MR katibi Həsən Həsənov istisna olmaqla) qatılmadığı iclasda 20 Yanvar hadisələri ilə bağlı dünya xalqlarına və parlamentlərinə müraciət qəbul edilib. Sessiyanın qəbul etdiyi qərarda Azərbaycanın SSRİ-də qalıb-qalmaması məsələsinin ümumxalq referendumuna çıxarılması barədə maddə də vardı.
22 yanvar 1993 – Naxçıvan şəhərində Türkiyə Cümhuriyyətinin Baş Konsulluğu açılıb. Bu, muxtar respublikada fəaliyyətə başlayan ilk xarici diplomatik nümayəndəlik idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
22 yanvar 1729 – Alman dramaturqu, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729 – 15.2.1781) anadan olub.
22 yanvar 1788 – İngilis şairi Corc Qordon Bayron (George Gordon Byron; 1788 – 19.4.1824) anadan olub.
22 yanvar 1892 – Görkəmli boyakar və qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (1892 – 7.2.1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı” və s.) tərənnüm edib. “Qaçqınlar” silsiləsi (1918-1921) ermənilər tərəfindən tarixi yurdlarından qovulan soydaşlarımızın taleyinin bədii inikasıdır.
22 yanvar 1898 – Rus rejissoru, kino nəzəriyyəçisi Sergey Mixayloviç Eyzenşteyn (1898 – 11.2.1948) anadan olub.
22 yanvar 1926 – Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926 – 24.4.2011) anadan olub.
22 yanvar 2018 – Əməkdar mədəniyyət işçisi, aşıq Xanmusa Musaxan oğlu Musayev (1922–2018) vəfat edib. Şamaxının Şamlı kəndində anadan olub.
22 yanvar 2023 – Əməkdar artist Tünzalə Məcid qızı Əliyeva (15.2.1973 – 2023) vəfat edib.
22 yanvar 2024 – Əməkdar artist, Lənkəran Dövlət Dram Teatrının aktyoru Niftulla Fətulla oğlu Əsgərov (5.7.1959 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan























