Yanvarın 21-də Milli Kitabxanada AMEA-nın Naxçıvan Bölməsinin sədri Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin kitablarından ibarət kolleksiyanın və “Akademik İsmayıl Hacıyev” adlı ənənəvi və elektron kitab sərgilərinin təqdimat mərasimi keçirilib.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə İsmayıl Hacıyevin elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının tarixinin salnaməsini yaradan tədqiqatçı-alim Milli Kitabxanaya 170-dən artıq kitabını hədiyyə edib. O, həm Milli Kitabxananın fondunu xeyli zənginləşdirib, həm də tarix elminə böyük hədiyyə olan kitablarının gələcək nəsillər üçün etibarlı mühafizə olunmasına və öyrənilməsinə şərait yaradıb. Kərim Tahirov akademik İsmayıl Hacıyevin tarixçi alimlərin yetişməsində xidmətlərindən də danışıb, zalda əyləşənlərin əksəriyyətinin onun tələbələri və yetişdirmələri olduqlarını diqqətə çatdırıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, İsmayıl Hacıyev tarixşünaslıq yanaşmasında tarixi faktların, real hadisələrin analitik əsaslarla təqdimatını xronoloji ardıcıllığı ilə qeydə alıb. Xüsusilə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü barədə İsmayıl Hacıyevin tədqiqatlarından danışan AMEA-nın prezidenti bu əsərlərin çox qiymətli mənbələrə çevrildiyini vurğulayıb. Vurğulanıb ki, İsmayıl Hacıyev öz əsərləri ilə elmi dövriyyəyə çoxlu sayda sənədlər, arxiv materialları təqdim edib və onun tədqiqatları dövlət siyasətimizə və elmi tələblərə cavab verir.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Milli Məclisin Komitə sədri Fazil Mustafa, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, tarix elmləri doktoru Abbas Seyidov və digər çıxış edənlər İsmayıl Hacıyev fəaliyyətindən söz açıb, onun bütün tədqiqatlarının tarix elmimizə töhfə olduğunu vurğulayıblar.

Sonda çıxış edən akademik İsmayıl Hacıyev təqdimatın yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə,  peşəkar kollektivinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.