F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblının konserti keçirilib.
Konsert Azərbaycanın və Gürcüstanın Mədəniyyət nazirliklərinin, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gürcüstanın ölkəmizdəki səfirliyinin və Gəncədəki baş konsulluğunun dəstəyi ilə təşkil edilib.
Tədbirdə Gəncənin icra başçısı Niyazi Bayramov, Göygöl rayonun icra başçısı Vüqar Novruzov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gəncədəki baş konsulu Kaxaber Abdaladze, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gəncə Dövlət Filarmoniyasının direktoru Aygün Səmədzadə, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rəsmi hissədə çıxış edən icra başçısı Niyazi Bayramov Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib. Şəhər rəhbəri mədəniyyətin xalqları birləşdirən və onları bir-birinə daha da yaxınlaşdıran ən güclü körpülərdən biri olduğunu vurğulayıb.
Səfir Zurab Pataradze də iki ölkə arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, bu cür mədəni tədbirlərin qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra “Erisioni” Gürcüstan Dövlət Akademik Mahnı və Rəqs Ansamblı konsert proqramı təqdim olunub.
Gürcü xalqının musiqi və rəqs irsini özünəməxsus ifa tərzi və xoreoqrafiyası ilə nümayiş etdirən kollektivin çıxışı alqışlarla qarşılanıb.























