Yanvarın 19-da Nizami Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli animasiya filminin premyerası olub.

Animasiya və arxiv materiallarının hibrid işlənməsi ilə ərsəyə gələn film 1990-cı ilin 20 yanvar gecəsi Bakıda baş verən faciəyə – Sovet Ordusunun törərdiyi qırığına həsr olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilmiş müsabiqənin qalib layihələrindəndir.

Nazir müavini 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciənin ağrı-acıları barədə faktları diqqətə çatdırıb. “Faciə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb.  20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb”, – deyə S.Yusifova əlavə edib.

Nazir müavini tarixi faktların olduğu kimi gələcək nəsillərin yaddaşına köçürülməsinin son dərəcə vacib olduğunu vurğulayıb, 20 Yanvar faciəsinin də cəmiyyət tərəfindən düzgün dərk edilməsinin önəmini diqqətə çatdırıb. 

Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev sənət adamlarının bu faciəyə yanaşmalarından söhbət açıb: “Tarixi faciənin bədii salnaməsi “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “Matəm”, “Qanlı Yanvar” kimi filmlər hesab olunur. Təqdim olunan yeni ekran işi də bu mövzuda çəkilib. Film Xəzər Dənizi Neft Donanması kapitanlarının, eləcə də həmin tarixi hadisələri həyatlarını riskə ataraq lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir. Tarixi faktlara əsaslanan ekran işi yaddaşın qorunması və həmin gecə baş verənlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

“Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin rejissoru və ssenari müəllifi Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.

Çıxışlardan sonra film nümayiş olunub.

Animasiya hissəsi “Harmony of Chaos” studiyasında hazırlanan filmə “Current Time” TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək göstərib.