Yanvarın 19-da Beynəlxalq Muğam Mərkəzi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunan “Əbədi and yeri” adlı anım tədbiri keçirilib.
Anım tədbirində Milli Müdafiə Universitetinin kursantları, gənclər, QHT nümayəndələri iştirak ediblər.
Fotojurnalist Rasim Sadıxovun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində və ətraf ərazilərdə baş verən hadisələri əks etdirən, tarixi yaddaşa çevrilmiş fotoları tədbir iştirakçılarına nümayiş olunub.
“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olduğunu vurğulayıb.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Kənan Əliyev ölkəmizin qanlı tarixinin unudulmaması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, şəhidlərin xatirəsinin daim uca tutulmasını diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib.
Bakı İctimai Xoru və gənc musiqiçilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.























