Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvara həsr olunmuş “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir keçirilib. Tədbir Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə sektoru ilə birgə təşkil edilib.
Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova giriş sözündə 20 Yanvarın tariximizə milli hüzn və milli qürur günü kimi yazıldığını vurğulayıb. Qeyd edib ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi oldu və gələcək nəsillər, faciə qurbanlarının xatirəsini daim ehtiramla yad etməklə bərabər, bu günün mahiyyətini də heç vaxt unutmayacaq.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Rəna Ağayeva 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini söyləyib.
225 nömrəli tam orta məktəbin direktor müavini Zemfira Nusalova Sovet ordusunun 1990-cı 20 yanvarında Bakıda törətdiyi qırğının ümumilikdə bəşəriyyətə qarşı ağır cinayət olduğunu bildirib.
ADMİU-nun Tələbə gənclər təşkilatının sədri Fidan Məlikzadə 20 Yanvar hadisələrinin xronologiyasına nəzər salıb.
225 nömrəli tam orta məktəbin şagirdləri “Azadlıq yolunda şəfəq oldunuz” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.
Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Milli qürur dastanı” adlı videomaterial nümayiş olunub.






















