Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyi və Litva Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının 20 Yanvar (1990, Bakı) və Litva xalqının 13 Yanvar (1991, Vilnüs) faciələrinin ildönümünə həsr olunmuş  tədbir keçirilib.

“Yaddaş yaşayır, çünki şahidlik edir” adlı tədbirin məqsədi azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş insanların xatirəsinin yad edilməsi, tarixi yaddaşın, Azərbaycan və Litva xalqları arasında beynəlxalq həmrəyliyin ifadəsidir.

Anım tədbiri hər iki faciədə həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Muzeyin direktoru vəzifəsini icra edən Günay Əliyeva çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz buraxdığını və milli müstəqillik uğrunda mübarizənin simvoluna çevrildiyini vurğulayıb.

Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçus Yanvar hadisələrinin tarixi əhəmiyyətini qeyd edərək, bu faciələrin hər iki ölkə xalqının azadlıq hərəkatında mühüm rol oynadığını, azadlıq və suverenlik dəyərləri baxımından ortaq taleləri əks etdirdiyini bildirib.

“Biz Bakıda baş verənləri unutmamışıq. Azərbaycan da Litvadakı hadisələri unutmayıb. Litva Azərbaycanın 1991-ci ildə Vilnüs hadisələri yaşanan zaman göstərdiyi dəstəyinə görə minnətdardır. Həmin hadisələrdə yaralanan azərbaycanəsilli iki litvalı medalla təltif olunub. İki fərqli şəhər, iki fərqli tarix, amma bir həqiqət. Həm Bakı, həm Vilnüs hadisələri göstərdi ki, azadlığın ödənilməli bir qiyməti var”, – deyə səfir vurğulayıb.

Səfir anım mərasiminin Mstislav Rostropoviçin ev-muzeyində keçirilməsinin də təsadüfi olmadığını, görkəmli musiqi xadiminin Vilnüs hadisələri zamanı Litvaya dəstək göstərdiyini, Sovet təcavüzünü açıq-aşkar qınadığını və Litvada xeyriyyə işləri ilə məşğul olduğunu diqqətə çatdırıb.

Tarix elmləri doktoru İlqar Niftəliyev bu hadisələrin Azərbaycan və Litvanın dövlətçilik tarixində tutduğu yer və nəticələri barədə fikirlərini bölüşüb.

Tədbir çərçivəsində 13 Yanvar və 20 Yanvar faciələrinə həsr olunmuş foto və video materiallar nümayiş etdirilib. Kadrlar iki xalqın keçdiyi azadlıq yolunu, insan talelərini və tarixi hadisələrin xronikasını əks etdirib.

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi də maraqla qarşılanıb. Sərgidə nümayiş etdirilən əsərlər uşaqların dünyaya baxışını, azadlığa can atma hissini və humanist dəyərləri ifadə etməklə yanaşı, tarixi yaddaşın gələcək nəsillərin şüurunda yaşadılmasının vacibliyini diqqətə çatdırıb.

Anım gecəsinin bədii hissəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında yerli və xarici bəstəkarların klassik əsərləri səsləndirilərək, həlak olanların xatirəsinə ehtiramın musiqili ifadəsinə çevrilib.