İyunun 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası Heydər Əliyev Sarayında “Jizel” baletini  növbəti dəfə sənətsevərlərə təqdim edib.

Balet tamaşasında orkestrə Əməkdar artist Əyyub Quliyev dirijorluq edib.

Adolf Adanın dünya balet sənətinin incilərindən olan əsərinin tamaşası Marius Petipanın klassik xoreoqrafik versiyası əsasında hazırlanıb.

Səhnə əsərinin hazırlanmasında Xalq artistləri Mədinə Əliyeva və Gülağası Mirzəyev, Əməkdar artistlər Yuri Lobaçev və Cəmilə Kərimova baletmeyster-repetitor kimi mühüm rol oynayıblar. Tamaşanın bədii tərtibatı Əməkdar rəssam Ənvər Almaszadənin konsepsiyası əsasında nümayiş etdirilib. Tamaşanı Əməkdar artist Yuri Lobaçev idarə edib.

Mariinski Teatrının aparıcı solisti Kristina Şapran Jizel obrazını yüksək peşəkarlıqla təqdim edib. Qraf Albert partiyasında çıxış edən Mariinski Teatrının aparıcı solisti, Əməkdar artist Timur Əsgərov isə qəhrəmanın mürəkkəb daxili aləmini və dramatik taleyini inandırıcı şəkildə canlandırıb.

Tamaşada həmçinin Əməkdar artist Anar Mikayılov (Hans), beynəlxalq müsabiqələr laureatı Ayan Eyvazova (Mirta), Liana Mirabdullayeva (Berta), Cəmilə Muradova (Batilda), Faiq Qubatov (Hersoq) və Edvard Arazov (Vilfrid) çıxış ediblər.

İkinci pərdənin mistik atmosferinin yaradılmasında Əməkdar artist Elmira Süleymanova və Liana Praganın ifasında təqdim olunan villislər obrazları xüsusi təsir bağışlayıb.