Milli Kitabxanada müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini, ölkənin sabitliyi və inkişafı naminə göstərdiyi xidmətlərini təbliğ etmək, milli birlik və dövlətçilik dəyərlərini aşılamaq məqsədilə “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, sərgidə Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı, həmin dövrdə xalqımızın taleyi ilə bağlı mühüm məsələlərin həlli istiqamətində gördüyü işlər, Yeni Azərbaycan Partiyasının yaranması, həyata keçirdiyi daxili və xarici siyasət, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətləri, zəngin siyasi irsi, eləcə də Azərbaycan tarixinin, mədəniyyətinin və elminin inkişafındakı rolu haqqında kitablar, fotoalbomlar və digər nəşrlər nümayiş olunur.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü – müasir Azərbaycan dövlətçiliyinin təməli” adlı təqdimat, “Dövlətçilik tariximizin şanlı səhifəsi” adlı daycest və ənənəvi kitab sərgisi hazırlanıb.

“Milli Qurtuluş Günü – müasir Azərbaycan dövlətçiliyinin təməli” adlı təqdimat süni intellekt texnologiyası vasitəsilə hazırlanaraq oxucuların istifadəsinə təqdim edilib. Materialda Heydər Əliyevin 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikada həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial inkişaf prosesləri haqqında geniş məlumat verilir.

Kitabxananın rəsmi saytında yerləşdirilən təqdimatda həmçinin 1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən, 1993-cü ilin ortalarında yaşanan idarəçilik böhranından, daxili qarşıdurmalar və ölkənin parçalanmaq təhlükəsi ilə üz-üzə qalmasından bəhs edilir. Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkənin xilası, dövlətçiliyin qorunması, məhz onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, ordu quruculuğu, iqtisadi islahatlar və xarici siyasət sahəsində həyata keçirilən uğurlu addımlar barədə geniş məlumat verilir.

“Dövlətçilik tariximizin şanlı səhifəsi” adlı daycestdə Ulu Öndər Heydər Əliyevin müdrik fikirləri yer alır. Material kitabxananın rəsmi saytında yerləşdirilib.

"15 İyun - Milli Qurtuluş Günü" adlı ənənəvi kitab sərgisində mövzu ilə əlaqədar nəşrlər, kitabxana əməkdaşları tərəfindən hazırlanmış mövzuya dair metodik vəsait də yer alıb.