2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının laureatları məlum olub.
Prezident İlham Əliyev 26 may 2026-cı il tarixində bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 2026-cı il üçün Azərbaycan Respublikasının Dövlət Mükafatına “Elm sahəsi üzrə” Asəf Hacı oğlu Hacıyev (“Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə) və Tarix Meyrut oğlu Dostiyev (Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə) layiq görülüblər.
“Mədəniyyət sahəsi üzrə” Azərbaycan Respublikasının Dövlət Mükafatı xalçaçı rəssam Eldar Hidayət oğlu Mikayılzadəyə (“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə) verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli, 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının Əsasnaməsinə görə, hər biri 40 min manat məbləğində olan 3 (üç) Dövlət Mükafatı (elm və texnologiya; memarlıq və mədəniyyət; ədəbiyyat) iki ildən bir (cüt ildə) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir.
2026-cı ilin Dövlət Mükafatları üçün ümumilikdə 21 iş təqdim edilmişdi. Onlardan 15-i elm və texnologiya, 5-i memarlıq və mədəniyyəti, 1-i isə ədəbiyyat sahəsini əhatə edirdi.
Beləliklə, 2026-cı ilin Dövlət Mükafatları üç istiqamətdən ikisi üzrə verilib, ədəbiyyat sahəsi üzrə verilməyib. Ədəbiyyat üzrə bir əsər – Xalq yazıçısı Kamal Abdullanın "Gizli “Dədə Qorqud” – yeni mənalar axtarışında” kitabı (Azərbaycan Yazıçılar Birliyi tərəfindən) təqdim olunmuşdu.
Xatırladaq ki, fizika-riyaziyyat elmləri doktoru, akademik Asəf Hacıyevin “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabı (ingilis dilində – “High-Dimensional Regression Analysis and Artificial Intelligence”) Bakı Mühəndislik Universiteti tərəfindən; tarix elmləri doktoru Tarix Dostiyevin “Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)” və “Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyət fenomeni” monoqrafiyaları AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən; Xalq rəssamı Eldar Mikayılzadənin xalçaçı rəssam kimi son illərdə yaratdığı əsərlər (“Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixi) Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Mükafatına təqdim edilib.
***
2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:
2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:
Elm sahəsi üzrə
Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə
Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə
Mədəniyyət sahəsi üzrə
Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2026-cı il



















