Sumqayıt Dövlət Dram Teatrı 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə balaca tamaşaçılara “Sehrli yaylıq” adlı yeni tamaşa təqdim edəcək.

Teatrdan bildirilib ki, yazıçı Kərim Həsənovun əsəri əsasında nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm dəyərlər aşılanır.

Rolları Əməkdar artist Elmira Kərimova, aktyorlar Emil Həmidov, Şəhla Məmmədova, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova və Şəhriyar Aşkari canlandırırlar.

Sumqayıt Dövlət Dram Teatrı uşaqları və valideynləri 1 iyun bayramını birlikdə qeyd etməyə və “Sehrli yaylıq” tamaşasını izləməyə dəvət edir.