Mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaradılmasının 90-cı ildönümü tamam oldu. Yubiley münasibətilə filarmoniya səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert proqramı təqdim edilib.

Orkestri Əməkdar artist, dirijor Əyyub Quliyev idarə edib. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru da iştirak edib. Xorun bədii rəhbəri və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tədbirdə çıxış edən Əyyub Quliyev rəhbərlik etdiyi kollektivin bu tarixi yubileyə xüsusi proqramla hazırlaşdığını bildirib. O, 90 illik yubileyini qeyd edən filarmoniyanın çoxəsrlik milli musiqi ənənələrimizin qorunub saxlanılması və dünya miqyasında təbliğindəki tarixi missiyasından bəhs edib. Bildirib ki, bu sənət məbədi neçə-neçə görkəmli musiqiçinin, bəstəkar və ifaçının yetişməsində, eləcə də milli musiqi incilərimizin gələcək nəsillərə ötürülməsində mühüm platforma rolunu oynayıb.

Yubiley gecəsində dünya klassik musiqisindən seçkin nümunələr səsləndirilib. Proqramda A.Vivaldinin "Olimpiada" operasından uvertüra (Bakıda ilk ifa), J.Haydnın xor və orkestr üçün “Messa B-dur”əsərindən "Gloria" bölməsi, Q.F.Hendelin "Messiya" oratoriyasından "Hallelujah" və digər bəstəkarların əsərləri yer alıb.