Bakı Slavyan Universitetində (BSU) “Elm günü” nə həsr olunan “İnterdisiplinar tədqiqatlar, elmi nəşrlər və akademik nəşriyyatların ali təhsil müəssisələrində elmi nəticələrinin qlobal görünürlüyünün artırılmasında rolu” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masanı giriş nitqi ilə BSU-nun rektoru Anar Nağıyev açaraq müasir dövrdə elmin kommersiyalaşması məsələsinin aktuallığını vurğulayıb, xüsusilə humanitar və sosial elmlər sahəsində bu istiqamətin perspektivlərini diqqətə çatdırıb.

Bildirilib ki, bu prosesin uğurla həyata keçirilməsi üçün akademik mühit, universitetlər, biznes sektoru və digər tərəflər arasında ortaq yanaşmanın formalaşdırılması vacibdir. Rektor vurğulayıb ki, aparılan müzakirələrin əsas məqsədi mövcud elmi potensialı düzgün dəyərləndirmək, beynəlxalq təcrübəni nəzərə almaq və xüsusilə humanitar elmlər sahəsində gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir.

Tədbirdə çıxış edən AMEA-nın “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov dəyirmi masanın aktual mövzuya həsr olunduğunu söyləyib. Qeyd edib ki, 2025-ci ildə “Elm” nəşriyyatının bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 52) təsis edilib. AZSTAND/TK 52-nin tərkibinə ali təhsil müəssisələrinin, elmi-təqdiqat institutlarının, nəşriyyat və mətbuat nümayəndələri daxil edilib.

Səbuhi Qəhrəmanov diqqətə çatdırıb ki, texniki komitə tərəfindən bir neçə dövlət standartı, o cümlədən “Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)” standartı qəbul olunub. AZS ISO 3297:2025 standartının milli standart kimi qəbul edilməsi Azərbaycan nəşrlərinin beynəlxalq informasiya məkanında tanınmasını artırır, eyni zamanda nəşriyyat və kitabxana praktikası üçün vahid normativ yanaşma formalaşdırır. Bu standartın qəbulu Azərbaycan elminin, kitabxana-informasiya və nəşriyyat sahəsinin beynəlxalq standartlaşdırma sistemlərinə uyğunlaşdırılması istiqamətində mühüm addım olmaqla, elmi nəşrlərin keyfiyyətinin və institusional idarəetmə mədəniyyətinin yüksəldilməsinə töhfə verir.

Dəyirmi masada iştirak edən Polşa Respublikasının Adam Marşalek Nəşriyyat Evinin təsisçisi Adam Marşalek, nəşriyyat evinin direktoru professor Yoanna Marşalek-Kava nəşriyyatın imkanları, hədəflər və həyata keçirilən layihələr barədə geniş məlumat veriblər.

Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Nicat Məmmədli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini Elçin Süleymanov, “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) sədri Şəmil Sadıq, UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşı Əhməd Əhmədzadə, Azərbaycan İdman Akademiyasının (AİA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva və SEFT Consulting-in direktoru İlkin Nəzərov mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb, plagiatın müəyyənləşdirilməsi sahəsində atılacaq addımlar, eləcə də nəşriyyat evləri ilə universitetlər arasında səmərəli və düzgün əlaqələrin qurulması məsələləri ətrafında müzakirələr aparılıb.