Xəbər verildiyi kimi, Cəbrayıl rayonunun Horovlu kəndində (16 mart), Zəngilan rayonunun Ağalı kəndində (17 mart) Novruz bayramına həsr olunmuş Novruz festivalı keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlərdə müxtəlif qurumların nümayəndələri, şəhid ailələri, müharibə veteranları, rayon sakinləri və qonaqlar iştirak ediblər.
Regional idarədən bildirilib ki, bayram tədbirlərində xalqımızın zəngin folklor irsini əks etdirən təqdimatlar, rəngarəng konsert proqramları nümayiş etdirilib.
Novruz festivalı çərçivəsində təqdim olunan konsert proqramlarında aşıq Ədalət Dəlidağlı, xanəndələr Səbuhi İbayev, Səbinə Ərəbli, müğənnilər Tural Salmanov, Amil Həsənoğlu, Zəminə Rəhimova, “Qara dərviş” rok qrupu, eləcə də Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərinin müəllimlərindən ibarət ansamblı və Cəbrayıl rayon Mahmudlu kənd uşaq musiqi məktəbinin şagirdlərindən ibarət xor kollektivi çıxış edib.
Novruzun əsas personajları olan Bahar qızı, Keçəl və Kosa, eləcə də kəndirbaz və pəhləvanların çıxışları tədbirə rəng qatıb. “Turan” milli rəqs qrupunun ifasında təqdim olunan “Cəngi” rəqsi tədbirə iştirakçılara xüsusilə xoş əhval-ruhiyyə bəxş edib.























