Xalq şairi, qüdrətli söz ustadı Səməd Vurğunun 120 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da silsilə layihələr həyata keçirilir.

Şairin yubileyi ilə əlaqədar kitabxana əməkdaşları tərəfindən hazırlanan zəngin məzmunlu elektron məlumat bazası istifadəçilərə təqdim edilib.

Elektron resurs şairin çoxşaxəli həyat və yaradıcılığını, zəngin ədəbi irsini, eləcə də onun haqqında formalaşmış elmi və ədəbi fikri sistemli şəkildə təqdim edir. 

Elektron məlumat bazasında akademik Nizami Cəfərovun “Səməd Vurğun və Səmədoğlular” və “Vaqifin Vurğunu”, professor Vaqif Yusiflinin "Demə Səməd Vurğun gəldi gedərdi", professor Maarifə Hacıyevanın “Milli poeziyamızın qoşa zirvəsi”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Milli poeziyamızın Səməd Vurğun ucalığı”, Xalq şairi Vaqif Səmədoğlunun “Atam Səməd Vurğun haqqında”, jurnalist İradə Əliyevanın "Ayrılarmı könül candan..." kimi məqalələrinin tam mətni yer alır.

Həmçinin bazada şairin əsərlərinin, sözlərinə yazılmış mahnıların, yaradıcılığı haqqında dissertasiyaların, elektron resursların siyahısı təqdim edilir.

Məlumat bazasında Səməd Vurğunun yaradıcılığına dair görkəmli ictimai-siyasi xadimlərin və elm adamlarının dəyərli fikirləri, ailə üzvlərinin xatirələri, nadir fotoşəkillər də bir araya gətirilərək istifadəçilərə nümayiş olunur.

Respublika Gənclər Kitabxanası tərəfindən hazırlanan elektron baza Səməd Vurğunun zəngin irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində mühüm elektron informasiya resurslarından biri olmaqla yanaşı, tədqiqatçılar, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün etibarlı məlumat mənbəyi kimi böyük əhəmiyyət daşıyır.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.