Gəncə Dövlət Kukla Teatrı özünün 40-cı mövsümünü başa vurmağa hazırlaşır.

Teatr iyulun 16-da (saat 12:00) mövsümün son tamaşasını – Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” nağılını balacalara təqdim edəcək.

Bu barədə məlumat verən Gəncə Dövlət Kukla Teatrının direktoru Əməkdar artist Fərmail Paşayevin sözlərinə görə, yaradıcı kollektiv yubiley mövsümü ərzində bir-birindən maraqlı səhnə əsərləri ilə balaca tamaşaçıların görüşünə gəlib.

Gəncə kuklaçıları cari repertuarı daha da zənginləşdirərək maraqlı süjeti və tərbiyəvi məzmunu ilə uşaqlara müsbət keyfiyyətlər aşılayan yeni layihələr ərsəyə gətiriblər. Mövsüm premyeralarla yanaşı, kollektivin festivallarda uğurlu iştirakı ilə də yadda qalıb.

Yubiley mövsümünün son tamaşasında da uşaqlara xeyirxahlıq, zəhmətsevərlik və öz davranışına nəzarət etməyin vacibliyini aşılayan vərdişlərdən söhbət açılır.

Əsərin baş qəhrəmanı yeməyə həddindən artıq meyilli olduğu üçün müxtəlif çətinliklərlə qarşılaşır. Hadisələrin gedişində tamaşaçı anlayır ki, hər işdə ölçülü olmaq, böyüklərin məsləhətlərinə qulaq asmaq və düzgün vərdişlər qazanmaq həyat üçün vacibdir.