Mayın 22-də Bakıda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (VI LitBookFest) açılışı olub. Ənənəvi festival Akademiya bağında (AMEA binasının qarşısında, Hüseyn Cavid prospekti) təşkil edilib.
Mayın 26-dək davam edəcək festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, Yunus Əmrə İnstitutu və digər qurumların dəstəyi ilə keçirilir.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını Azərbaycanın Türk dünyası ilə əlaqələrinin ardıcıl şəkildə qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin məntiqi nəticəsi kimi dəyərləndirib. Bildirib ki, bu festival Türk dünyası ölkələri arasında inteqrasiya proseslərinin dərinləşməsinə, elmi, ədəbi və mədəni əməkdaşlığın coğrafiyasının genişlənməsinə mühüm töhfə verməkdədir.
İsa Həbibbəyli qeyd edib ki, ilk festivaldan ötən dövr ərzində onun əhatə dairəsi ildən-ilə genişlənib, iştirakçı ölkələrin sayı artıb və bu, Türk dünyasının intellektual, yaradıcı potensialının daha geniş platformada bir araya gəldiyini göstərir: “İlk dəfə Bakıda əsası qoyulan və artıq 6-cı dəfə Azərbaycanda təşkil edilən bu mədəniyyət hadisəsi bu il qardaş Türkiyədə eyni ruh və yüksək təşkilati səviyyə ilə keçirilib və uğurla davam etdirilib”.
AMEA prezidentinin sözlərinə görə, bu festival kitabların təqdim olunduğu tədbir olmaqla yanaşı, həm də Türk dünyasının alimləri, yazıçıları, ədibləri, akademik qurumları və universitetləri arasında əlaqələrin möhkəmlənməsinə, yeni elmi və ədəbi layihələrin formalaşmasına real zəmin yaradır. Festivalda iştirak edən alim və yazarlar arasında yeni əməkdaşlıq təşəbbüsləri meydana çıxır, ortaq nəşrlər hazırlanır, qarşılıqlı dəvətlər və birgə layihələr dövriyyəyə daxil olur.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirməyə xidmət etdiyini bildirib. O, türk ölkələrindən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festival çərçivəsində şeir saatlarının, müzakirələrin, kitab təqdimatlarının, konfransların və görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Rəşad Məcid festivalın gələcək nəsillər üçün ortaq mədəni yaddaşın qorunmasına, kitab oxuma ənənəsinin inkişafına və türk dünyası arasında mənəvi bağların daha da güclənməsinə xidmət etdiyini bildirib.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Beynəlxalq Türk Akademiyasının təmsilçisi, professor Əbülfəz Süleymanlı, Özbəkistan Asiya Texniki Universitetinin rektoru Laçın Rəhmanov, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza və digər çıxış edənlər Türk dünyasının birliyinə, qarşılıqlı akı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək ədəbiyyat və kitab bayramının əhəmiyyətindən söz açıblar.
Mərasim ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Qeyd edək ki, festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb.

























