İstanbulda keçirilən VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalında Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları (YTB) çadırında səhnə alan “Rüzgar” qrupu Azərbaycan musiqisi və ədəbiyyatının tanıdılmasında fəal işirak edib.
Qrupun qurucusu və solisti, İstanbul Universitetinin doktorantı Səidə Ömər əsas məqsədin Azərbaycanın xalq və bəstəkar mahnılarını, eyni zamanda zəngin ədəbi irsini Türkiyədə daha geniş ictimaiyyətə tanıtmaq olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyədə ictimaiyyətin müəyyən bir hissəsi Azərbaycan mahnıları ilə tanış olsa da, ədəbiyyatımızın təbliği sahəsində müəyyən çatışmazlıqlar mövcuddur. Buna görə də qrup milli musiqi alətləri, muğam elementləri və mahnılar vasitəsilə Azərbaycan şeirinin və mədəniyyətinin təbliğinə xüsusi önəm verir.
Qrupun bədii rəhbəri, Qazi Universitetinin doktorantı tarzən Pərviz Musayev qeyd edib ki, Azərbaycan musiqisi Türkiyədə illərdir böyük sevgi ilə dinlənilir və bəzi mahnılarımız artıq insanlar tərəfindən əzbərlənib. Vurğulayıb ki, Azərbaycan musiqisi zəngin və köklü irsə sahib olmaqla yanaşı, ifa edildiyi milli musiqi alətləri ilə də fərqlənir.
"Rüzgar” qrupunun üzvləri artıq səkkizinci dəfə təşkil olunan festivalda iştirak etməyin onlar üçün qürur mənbəyi olduğunu deyiblər. Onlar festival çərçivəsində Azərbaycanın, eləcə də bütövlükdə Türk dünyasının ortaq musiqi irsini təqdim etməkdən, onu geniş auditoriyaya təqdim və təbliğ etməkdən məmnunluq hissi keçirdiklərini vurğulayıb, bu imkanın yaradılmasına görə YTB rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Tədbirin son günü səhnəyə çıxan Səidə Ömər Azərbaycan xalqını 28 May – Müstəqillik Gününü münasibətilə təbrik edib, bu tarixi günün əhəmiyyəti barədə iştirakçılara məlumat verib.























