Salyan Dövlət Rəsm Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, mərasimdə rəsmi şəxslər, rəssamlar, sənət adamları, ziyalılar, mərhum sənətkarın tələbələri, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər İmanverdi Mustafayevin çoxşaxəli sənət dünyasından söhbət açıblar. Bildirilib ki, o, zəngin yaradıcılığı, rəng dünyası ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərə sahib idi. Onun yaratdığı rəsm əsərlərində Vətənə, torpağa, xalqa bağlılıq, fırça ustasının tükənməz vətənpərvərliyindən xəbər verir. Vurğulanıb ki, 90-cı illərin əvvəllərində ölkədəki xaos dövründə İmanverdi Mustafayev rəhbərlik etdiyi Salyan Dövlət Rəsm Qalereyasının fondu qorumağa nail olub. Onun qoruyub saxladığı əsərlərlə Salyan Dövlət Rəsm Qalereyası yenidən formalaşıb.
Mərhum rəssamın ailəsi adından çıxış edən Mirməmməd Mustafayev mərasim iştirakçılarına minnətdarlığını ifadə edib. Vida mərasimindən sonra mərhumun cənazəsi son mənzilə yola salınıb. O, Salyan şəhər qəbiristanlığında dəfn olunub.
İmanverdi Mustafayev 1955-ci il noyabrın 13-də Salyan şəhərində dünyaya göz açıb. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini rəngkarlıq-heykəltəraşlıq ixtisası üzrə bitirib. Müntəzəm olaraq dövlət sərgilərində iştirak edib, müxtəlif illərdə fərdi sərgiləri keçirilib. O, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Estoniyada keçirilən sərgilərin iştirakçısı olub.
İmanverdi Mustafayev Salyan Dövlət Rəsm Qalereyasının qurucusu olub və 36 il bu sənət ocağına rəhbərlik edib. Uzun sürən xəstəlikdən sonra 2026-cı il mayın 22-də 71 yaşında dünyasını dəyişib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi İmanverdi Mustafayevin vəfatı ilə əlaqədar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!






















